Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Birliyin sədri Araz İmanov, üzv şirkətlərin nümayəndələri, Agentliyin İdarə Heyəti sədrinin müşaviri Elmar Abasov və aidiyyəti struktur bölmələrin rəhbərləri iştirak ediblər.
Müzakirələr zamanı ölkədə açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi istiqamətində həyata keçirilən islahatlar, bu sahədə tətbiq olunan yeni texnoloji həllər, şəffaflığın artırılması məqsədilə görülən tədbirlər və reklam infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə açıq məkandakı reklam daşıyıcılarının rəqəmsal uçotu, texniki nəzarət mexanizmləri və şəhər mühitinin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri tərəfindən iri pərakəndə ticarət şəbəkələrinin reklam fəaliyyəti zamanı qarşılaşdığı praktiki məsələlər, o cümlədən yerləşdirmə prosedurları, texniki tələblər, operativlik, vahid yanaşmanın əhəmiyyəti və sahibkarlar üçün daha çevik mexanizmlərin yaradılması ilə bağlı təkliflər səsləndirilib.
Birlik tərəfindən qeyd olunub ki, üzvləri ölkə üzrə minlərlə ticarət obyektini əhatə edən, yüz minə yaxın vətəndaşı məşğulluqla təmin edən və hər gün milyonlarla istehlakçıya xidmət göstərən pərakəndə sektorunun reklam imkanları iqtisadi aktivliyin, istehlakçı məlumatlandırılmasının və rəqabət mühitinin vacib elementidir. Bu baxımdan, açıq reklam sahəsində səmərəli və proqnozlaşdırıla bilən tənzimləmə mexanizmləri xüsusi əhəmiyyət daşıyır.
Görüşdə dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi, institusional dialoqun davam etdirilməsi və qarşılıqlı fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsi vacib hesab olunub. Tərəflər gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində əlaqələrin davam etdirilməsi barədə razılıq ifadə ediblər.