Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə dövlət–özəl dialoqunun inkişafı, sağlam rəqabət mühitinin təşviqi, ticarət sektorunda şəffaflığın artırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə çıxış edən Agentliyin sədri Elnur Bağırov ölkədə rəqabət siyasətinin inkişafı, ədalətli ticarət mühitinin formalaşdırılması və istehlakçı maraqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, haqsız rəqabət halları ilə mübarizənin gücləndirilməsinin və bazar iştirakçıları arasında şəffaf fəaliyyət prinsiplərinə riayət olunmasının əhəmiyyətini vurğulayıb.
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin sədri Araz İmanov isə çıxışında pərakəndə ticarət sektorunda sağlam rəqabət mühitinin formalaşdırılması, şəffaf bazar münasibətlərinin təşviqi və istehlakçı etimadının gücləndirilməsinin sektorun dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Birlik bu istiqamətdə dövlət qurumları ilə institusional əməkdaşlığa böyük önəm verir.
Görüş zamanı müxtəlif ölçülü ticarət şəbəkələrinin fəaliyyətinə dəstək göstərilməsi, yerli istehsalçıların ticarət dövriyyəsinə daha geniş cəlb olunması, qeyri-qida məhsulları üzrə texniki reqlamentlərin tətbiqi, eləcə də istehlakçı müraciətlərində tez-tez rast gəlinən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər ticarət sektorunda qarşılıqlı etimadın gücləndirilməsi, biznes və istehlakçılar üçün birgə maarifləndirmə təşəbbüslərinin həyata keçirilməsi, eləcə də əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi barədə razılığa gəliblər.