TŞİİB və “Azərişıq” ASC arasında işgüzar görüş keçirilib
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin üzvləri ilə “Azərişıq” ASC-nin nümayəndələri arasında işgüzar görüş keçirilib.
Görüş çərçivəsində iri ticarət şəbəkələrinin elektrik enerjisi ilə dayanıqlı və keyfiyyətli təminatı, elektrik şəbəkəsinə qoşulma prosedurları, elektrik enerjisindən istifadə qaydaları, eləcə də sahibkarların gündəlik fəaliyyətində qarşılaşdığı praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Azərişıq” ASC-nin nümayəndələri qurum tərəfindən həyata keçirilən elektron xidmətlər, sahibkarlar və vətəndaşlarla mütəmadi keçirilən maarifləndirici görüşlər, həmçinin abonentlərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat veriblər.
Görüş zamanı TŞİİB-ə üzv olan ticarət şəbəkələrinin nümayəndələri tərəfindən elektrik enerjisindən istifadə, qoşulma prosesləri, xidmət keyfiyyəti və dayanıqlılıq göstəriciləri ilə bağlı suallar səsləndirilib və həmin məsələlər ətraflı müzakirə olunub.
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi sahibkarların rahat və fasiləsiz fəaliyyətinin təmin olunması baxımından enerji təchizatının xüsusi əhəmiyyət daşıdığını vurğulayır və bu istiqamətdə “Azərişıq” ASC ilə institusional dialoqun davam etdirilməsini vacib hesab edir.