İyunun 11-də “Baku Marriott Hotel Boulevard” otelində Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirilən media araşdırma müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, ardınca Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin baş katibi Araz İmanov pərakəndə ticarət sektorunun ölkə iqtisadiyyatında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, hazırda Azərbaycanda pərakəndə ticarət şəbəkələrinin bazar payı təxminən 30–32% təşkil edir. Müqayisə üçün, inkişaf etmiş ölkələrdə bu göstərici 90–95% səviyyəsindədir və iqtisadi inkişafın əsas meyarlarından biri hesab olunur.
Daha sonra layihə rəhbəri Məhəmmədəli Qəribli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, eləcə də Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək pərakəndə ticarətin iqtisadiyyat üçün strateji əhəmiyyətini vurğulayıblar. Onların fikrincə, bu sahə yalnız satış və xidmət fəaliyyəti ilə məhdudlaşmır, eyni zamanda sahibkarlığın genişlənməsinə, məşğulluğun artırılmasına, regionların sosial-iqtisadi inkişafına və yerli istehsalın təşviqinə mühüm töhfə verir.
Çıxışlar zamanı media müsabiqələrinin jurnalistlər arasında iqtisadi mövzulara marağın artırılması, pərakəndə sektorun potensialının daha dərindən araşdırılması və ictimaiyyətə obyektiv məlumatın çatdırılması baxımından əhəmiyyəti də xüsusi qeyd olunub.
Tədbirin sonunda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
← Geri
Bakıda “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda media müsabiqəsinin qalibləri mükafatlandırılıb.
12.06.2025







