Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının və
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin
BİRGƏ BƏYANATI
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi qida və içki sənayesi, pərakəndə ticarət və əlaqəli sahələrə təsir edən qanunların və digər normativ hüquqi aktların hazırlanması və müzakirəsi zamanı sahəvi assosiasiyaların iştirakının təmin olunmasını vacib hesab edirlər.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ictimai müzakirəni, ictimai dinləməni, hüquqi akt layihələrinin ictimai müzakirəsini və yazılı məsləhətləşməni ictimai iştirakçılığın formaları kimi müəyyən edir. Qanun, həmçinin hüquqi şəxslərin və vətəndaş cəmiyyəti institutlarının belə müzakirələrin təşəbbüsçüsü olmasını və həmin proseslərdə iştirakını nəzərdə tutur.
Bu hüquqi əsaslardan çıxış edərək, Azərbaycan Respublikasının Milli Məclisinə, aidiyyəti dövlət qurumlarına, ictimai şuralara və normativ hüquqi aktların hazırlanmasında iştirak edən digər qurumlara müraciət edərək, qida və içki sənayesi, pərakəndə ticarət, qida təhlükəsizliyi, istehlak bazarı, rəqabət, vergi, gömrük, əmək münasibətləri, logistika və digər əlaqəli sahələrə təsir edən layihələrin hazırlanması və müzakirəsi zamanı təşkilatlarımızın əvvəlcədən məlumatlandırılmasını, işçi qruplarına və məsləhətləşmələrə cəlb edilməsini, ictimai dinləmə və müzakirələrə dəvət olunmasını, habelə rəy və təkliflərini təqdim etmələri üçün müvafiq imkan yaradılmasını xahiş edirik.
Məqsədimiz qərar qəbul edən qurumların səlahiyyətlərinə müdaxilə etmək deyil, üzvlərimizin praktiki təcrübəsini bölüşmək, mümkün tətbiq çətinliklərini əvvəlcədən müəyyənləşdirmək və daha aydın, səmərəli və tətbiq oluna bilən tənzimləmələrin hazırlanmasına töhfə verməkdir.
İnanırıq ki, dövlət qurumları, qanunverici orqan və sahəvi assosiasiyalar arasında davamlı və institusional dialoq qəbul edilən qərarların keyfiyyətini yüksəldəcək, dövlət–biznes əməkdaşlığını gücləndirəcək və ölkənin iqtisadi inkişafına əlavə töhfə verəcəkdir.
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi
Tarix: 3 avqust 2026-cı il
Yer: Bakı şəhəri
← Geri
BİRGƏ BƏYANAT
03.08.2026


